İbn-Rüşd
İbn Rüşd (tam adı: Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd) və ya latınlaşdırılmış variantı ilə Averroes 14 aprel 1126, Kordova, Mürabitlər dövləti – 10 dekabr 1198, Mərrakeş[d], Müvəhhidlər dövləti[d]) — əndəluslu ərəb filosof və təbibi. Fəlsəfə, riyaziyyat, fiqh və tibbin kamil bilicisi. O dövr müsəlman İspaniyasının Kordova şəhərində anadan olmuş İbn Rüşd Qərbi Avropada dünyəvi fəlsəfi fikrin banisi hesab olunur.
Digər məşşai filosoflarından fərqli olaraq, din-fəlsəfə münasibətləri probleminə hərtərəfli və sistemli şəkildə toxunan İbn Rüşd əlaqədar görüşlərini "Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə", "Fəsl əl-məqal fi ma beynə əl-hikmə və əş-şəriət min əl-itt isal" və "Təhafüt təhafüt əl-fəlasifə" adlı kitablarda toplamışdır.
İbn Rüşdün problemə özünəməxsus münasibəti ondan ibarətdir ki, din və fəlsəfəni bir-birinə uyğunlaşdırmaq üçün onların arasında "ənənəvi" oxşarlıqlar axtarışına çıxmamışdır. O, problemi din nöqteyi-nəzərindən araşdırmış, ehkamlara əsaslanaraq, rasional biliklə vəhyi biliyin uyğunluğu ideyasını irəli sürmüş, dində ağıla əhəmiyyətin verdiyini bildirmişdir. İbn Rüşd deyirdi ki, fəlsəfə ilə məşğul olmaq dinin tələb etdiyi zəruri məsələdir. O, dinlə fəlsəfəni eyni həqiqətin ayrı-ayrı təzahürləri kimi nəzərdən keçirərək, onları "eyni məmədən süd əmən iki bacı" adlandırmışdır: "Demək istəyirəm ki, hikmət (fəlsəfə) şəriətin (dinin) dostu, süd bacısıdır. …Onlar təbiət etibarilə dostdurlar, mahiyyət baxımından bir-birinə aşiq sevgililərdir". Ümumiyyətlə, İbn Rüşd qarşısına belə bir məqsəd qoymuşdu ki, vəhy və fəlsəfənin ayrı-ayrılıqda nə kimi əhəmiyyət daşıdığını müəyyənləşdirib, onları bir-birinə uyğunlaşdırmaqla aralarında heç bir ziddiyyətin olmadığını isbatlasın.